AVESTA QOROSKOPU- SAĞSAĞAN İLİ 2011 «

AVESTA QOROSKOPU- SAĞSAĞAN İLİ 2011

Dünya astroloqlarının bu günə qədər istifadə etdiyi Günəş təqvimi qədim dinimiz olan zərdüştiliyin müqəddəs kitabı “Avesta”dan götürülüb.
Taleyin sirrini agah edən “Avesta” insan ömrünü 64 illik tsiklə bölür. Onları iki qismə ayıran kahinlər birinci 32 ili passiv, digərini isə aktiv dövrə şamil ediblər. Elə bu səbəbdən də Şərq astrologiyasından fərqli olaraq zərdüştlər illəri 12 deyil, məhz 32 sayda qruplaşdırıblar.
Öz proqnozlarında yanılmayan Günəş təqvimi təkcə insanları gələcəkdən xəbərdar etmir, həm də onlara ruh yüksəkliyi, iradə və güc verir. Bu isə istər insanın, istər cəmiyyətin, istərsə də dünyanın harmonikliyində təminatçı rolu oynayır. O ki qaldı rəqəmin 32 olmasına, bunu Saturnun Günəş ətrafında dövrəetmə müddətinin məhz 32 ilə tamamlanması ilə əlaqələndirirlər.  Çünki bir çox qədim dövlətlərdə də Saturnun həyatverici qüvvə olduğunu təsdiqləyən mənbələr var. Bu il də (21 mart 2011-ci il – 20 mart 2012-ci il) Günəş təqviminin 10-cu ili – Sağsağan ilidir (bəzi mənbələrdə Sığırçın da deyirlər – red.).

Qədim Çində Sağsağanı uğurlar rəmzi hesab edir, onu “məmnunluq quşu” adlandırırdılar. Həmin mənbələrə görə, Sağsağan (Mançus) yeniliklər, xüsusən də qonaq gətirən quş kimi qələmə verilir. Xristianlıqda isə bu quş iblisanə varlıq sayılırdı. Günəş qoroskopunda Sağsağan çox yüksək qiymətləndirilir. Avestada bu quşun himayədarı Maraspent – Müqəddəs Söz sayılır. Kitabda deyilir ki, sığırçının səsi gələn yerdə heç bir yamanlıq olmaz, yalnız böyük və xeyirli işlər baş verər.

Avestada qeyd edilir ki, Sağsağan illərində dualar qəbul olunur. Belə dövrlərdə gərək sözü havaya buraxmayasan, işlətdiyin hər bir sözün dəyərini, qiymətini və məsuliyyətini biləsən. Çünki mövcud münaqişə və anlaşılmazlıqlar il ərzində yalnız danışıqlar, xeyirxah sözlər vasitəsilə aradan qalxacaq. Sağsağan yalnız bir işlə məşğul olanları, yeknəsək həyat keçirənləri, ətaləti qətiyyən sevmir. Bu səbəbdən hər kəs paralel olaraq bir neçə işə girişməli, indiyə qədər anlayışı olmayan bəzi sahələrə də həvəs göstərməlidirlər. Yeri gəlmişkən, Sağsağan illəri Avestada toy və yeni evlərlə bağlı da yaxşı dövr adlandırılır. Deməli, əhalimizin daha çox əziyyət çəkdiyi mənzil və toy etmək problemi qarşıdakı ildə xeyli həll oluna bilər.

Qarşıda duran il daha çox Maral, Bəbir, Delfin, Ulaq, Leylək, Şahin və təbii ki, Sağsağan ilində doğulanların özünə düşərli olacaq. Yuxarıda dediyimiz kimi əgər onlar sözlərinin üstündə dursalar, ciddi maneəyə rast gəlməyəcəklər.

Sağsağan ilində doğulan məşhurlar: Məhəmməd Əmin Rəsulzadə, Cəlal Qaryağdı, Məmmədrza Şeyxzamanov, Artur Miller, Rəşid Behbudov, Bala Qasımzadə, Əbdülvahab Salamzadə, Zakir Bağırov, İrina Kurçenko, Stiven Kinq, Stiven Spilberq, Məsud Yılmaz, Nizami Rəmzi, Rəsul Quliyev, Fərhad Bədəlbəyli, Elton Con, Ceyms Vuds, Elxan Əhədzadə, Vaqif Əsədov, Ramiz Quliyev, Fidan Qasımova, Eldar Baxış, Azər Paşa Nemətov, Fəzail Ağamalı, Hillari Klinton, Çelsi Klinton, Keyt Hadson, Rəqsanə, Rahidə Baxışova…

 

AVESTA QOROSKOPU SİSTEMİ

MARAL                 1906, 1938, 1970

DAĞ QOYUNU     1907, 1939, 1971

İLANBOĞAN        1908, 1940, 1972

CANAVAR            1909, 1941, 1973

LEYLƏK               1910, 1942, 1974

HÖRÜMÇƏK         1911, 1943, 1975

SU İLANI               1912, 1944, 1976

QUNDUZ               1913, 1945, 1977

TISBAĞA               1914, 1946, 1978

SAĞSAĞAN          1915, 1947, 1979

DƏLƏ                    1916, 1948, 1980

QARĞA                 1917, 1949, 1981

XORUZ                  1918, 1950, 1982

İNƏK                      1919, 1951, 1983

PORSUQ        1920, 1952, 1984

DƏVƏ                    1921, 1953, 1985

KİRPİ                     1922, 1954, 1986

CÜYÜR                  1923, 1955, 1987

FİL                         1924, 1956, 1988

AT                          1925, 1957, 1989

BƏBİR                   1926, 1958, 1990

TOVUZ                   1927, 1959, 1991

QU                          1928, 1960, 1992

VAŞAQ                  1929, 1961, 1993

ULAQ                     1930, 1962, 1994

AĞ AYI                  1931, 1963, 1995

QARTAL               1932, 1964, 1996

TÜLKÜ                  1933, 1965, 1997

DELFİN                 1934, 1966, 1998

VƏHŞİ QABAN     1935, 1967, 1999

YAPALAQ            1936, 1968, 2000

ŞAHİN                    1937, 1969, 2001

 

SAĞSAĞAN İLLƏRİNDƏ NƏLƏR OLUB?

* Rus çar ordusu Bakını işğal edib;

* Bakı-Tiflis dəmiryol xətti açılıb;

* “Babayi-Əmir” jurnalı çapdan çıxıb;

* Macarıstan Avstriyadan ayrılaraq müstəqillik elan edib;

* Türk ordusu Çanaqqalada zəfər çalıb;

* Pakistan istiqlaliyyət qazanıb;

* Rusiya Qars və Ərdəhanı istəməklə Türkiyəyə qarşı uğursuz ərazi iddiasına başlayıb;

* Bakıda uşaq dəmir yolu işə salınıb;

* Britaniyanın müstəmləkəsi olan Seylon (Şri-Lanka) adası müstəqillik elan edib;

* “Yeni erməni müqavimət qrupu” Romanın mərkəzində 9 nəfərin yaralanması ilə nəticələnən aviaşirkətlərə məxsus binaları partladıb;

* Parisdə Türkiyə səfirliyinin turizm üzrə ataşesi Yılmaz Çolpan “Genosid əleyhinə döyüşən erməni komandosları” terrorçu qrupu tərəfindən güllələnib;

* Sovet Ordusu Əfqanıstanı işğal edib və s.

 

Proqnozlar

MARAL (…1938, 1970, 2002…)

Girişdə qeyd etdiyimiz kimi qarşıdan gələn Sağsağan ili sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Planlaşdırılan, amma təkbaşına həyata keçirə bilmədiyiniz çox işlərin öhdəsindən yeni tərəfdaşlarınız vasitəsilə gələcəksiniz. Könül xoşluğu qazanmaq, maddi hədəflərə çatmaq və vücudunuzda bərpa işləri aparmaq, sanballı söz sahibinə çevrilmək üçün kifayət qədər şansınız olacaq. Bu il sizə pessimizmə qapılmaq olmaz.

 

DAĞ QOYUNU (…1939, 1971, 2003…)

Günəş astrologiyasında göstərilir ki, ötən il üçün verilmiş tövsiyələrimizə lazımi qədər riayət etməmisiniz. Bu səbəbdən də payıza doğru əziyyətləriniz çox olub. Amma Sağsağanın himayəsində belə məsuliyyətsizliklər etməyə çalışmayın. Elə bilin ki, hər addımda ilahi bir göz sizi izləyəcək. Yeni il sizə çoxlu pul verəcək, sizdən isə münasibətlər zəminində halallıq tələb edəcək.

 

İLANBOĞAN (…1940, 1972, 2004…)

Hər şeydən əvvəl öz şəxsiyyətinizə dəyər verin. Bunu başqası gəlib edən deyil. Dediklərimizi bacardığınız təqdirdə keçmiş səhvlərdən də heç bir əlamət qalmaz. Sağsağanın sizdən ən başlıca tələbi səbrli olmağınızı təmin etməyinizdir. Qalan heç bir şeydən bədgüman olmayın – hamısı təmin olunacaq. Qızıl payızın ortalarında artıq siz də görəcəksiniz ki, il sizə çox uğurlar gətirib.

 

CANAVAR (…1941, 1973, 2005…)

Ruhi enerjinizi artırmaq üçün ibadətlərinizin, müqəddəs ziyarətgahlarda olmağınızın sayını artırmalısınız. Bir də çalışın ki, böyüklərdən halallıq ala, xeyirxah sözlər eşidəsiniz. Müqəddəs məmləkətimizin hər qarışını, hər bir insanını sevin. İnanın ki, bunun sizə yalnız xeyri olacaq. Yeni və böyük işlərə başlamaq üçün Sağsağan sizə şanslar yaradacaq. Vəzifədə yüksəliş də gözlənilir. Bu il sizə dəstək verənlərin sayı xeyli artacaq.

 

LEYLƏK (…1942, 1974, 2006…)

Qarşınızda çox yaxşı bir il durur. Könlünüzü saf saxlamaqla Tanrıdan nə istəsəniz, verəcək. Sözünüzün üstündə bərk durun, ələlxüsus da özünüzdən kiçiklərə yalan söyləməyin. Bu barədə problem olmasa, zaman bütünlüklə xeyrinizə işləyəcək. Yayın ortalarından başlayaraq, tərəfdarlarınızın kifayət qədər artması maddi və mənəvi problemlərinizin həllində rol oynayacaq. Bu il çoxsaylı səfərləriniz də olacaq.

 

HÖRÜMÇƏK (…1943, 1975, 2007…)

Görünür, ötməkdə olan ildə buraxdığınız səhvləri düzəltmək üçün hələ çox vaxtınız gedəcək. İlin 4-cü ayına qədər (22 iyul) bu prosesi başa çatdırın ki, sonrakı dövrdə sizi gözləyən müvəffəqiyyətə rahatca yetişəsiniz. Ailə müstəvisində tarixi hadisələri də gözləyin. Bir şeyi də yadda saxlamağınız məsləhətdir: yeni il sizdən tələb edir ki, əcdadlardan gələn mənəvi dəyərləri qoruyasınız. Yay istirahətini əldən buraxmayın.

 

SU İLANI (…1944, 1976, 2008…)

Zərdüştilik astrologiyasında göstərilir ki, ötən ili çətinliklə başa vurmusunuz. Düşünməyin ki, Sığıçın da sizə eyni halı yaşadacaq. Əsla! Novruzdan dərhal sonra həyat üzünüzə elə güləcək ki, özünüzü xoşbəxt sanacaqsınız. Yalnız himayənizdə olan azyaşlıları qoruyun ki, ovqatınız aşağı düşməsin. İl ərzində maddi və mənəvi irəliləyişlər də olacaq. Xarici səfərləri isə mümkün qədər təxirə salın.

 

QUNDUZ (…1913, 1945, 1977…)

Afərin sizə! Ötən il qarşınıza çıxan əksər sınaqlardan üzüağ çıxmısınız. Bu səbəbdən də Tanrı sizə öz mərhəmətini göstrəcək. Yayın ilk ayına qədər və payızın sonlarından bütün cinahlarda uğurlar sizinlə olacaq. İş dəyişkənliyi və maddi firavanlıq da yolunuzu gözləyir. Göylər yalan söz deyən adamlardan və cinayət tərkibli, saxta fəaliyyət növündən uzaq durmağınızı tövsiyə edir.

 

TISBAĞA (…1914, 1946, 1978…)

Ötən il “hakim” olmağınız sizin üçün böyük perspektivlər açıb. Artıq siz harada olduğunuzu, haraya gedəcəyinizi və potensial gücünüzü dərk edirsiniz. Bu mövqeni qorumaqla Sağsağanın sizə əsaslı yardımçı olmasını təmin edə bilərsiniz. Əslinə qalanda yeni il həyatınızda tarixi bir hadisə ilə yadda qalacaq ki, bu da zaman-zaman xoş təəssüratla yad ediləcək. Dövlət məmurları ilə ehtiyatlı davranın, mümkün qədər siyasi qovğalardan uzaq durun.

 

SAĞSAĞAN (…1915, 1947, 1979…)

Nəhayət, öz iliniz də gəlib çıxdı. Deməli, siz hamıdan şanslı olacaq və nəzərdə tutduğunuz bütün sahələrdə uğurların qoynunda olacaqsınız. Amma lovğalıq, üstüörtülü davranış sizə zərər yetirə bilər. Hər şeyi doğru-dürüst edin ki, sizə güvənənlər də artsın. Doğma və yaxınlarınızla daha mehriban davranın. Bu il hər bir əlamətdar dönüşə görə qurban deyin, heç olmasa, nəzir-niyaz nəzərdə tutun. İstənilən yalandan uzaq olun.

 

DƏLƏ (…1916, 1948, 1980…)

Bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməklə Sağsağanın rəğbətini qazana bilərsiniz. Ötən dörd ildə çəkdiyiniz əziyyətlərin bəhrəsini mütləq görəcəksiniz. Amma ilin ilk yarısında gərək dostlarınızı mütləq sınağa çəkəsiniz. Bununla onların sədaqət dərəcəsini öyrənə bilərsiniz. Ailə-sevgi istiqamətində də rahatlıq gözlənilir. Amma sağlıq durumunuza fikir verməlisiniz, xüsusən də baş-beyin və ürk nahiyənizi diqqətdə saxlamalısınız.

 

QARĞA (…1917, 1949, 1981…)

Sövdələşmə və müsahiblərinizlə söhbətdə diqqətli olun. Axı girişdə dedik ki, Sağsağan sözü havaya buraxanları sevmir. Məsuliyyətsiz danışmaqdansa susmağınız daha yaxşıdır. Bu yolla siz qarşınızda duran bütün maneələri asanlıqla dəf edəcəksiniz. Yeri gəlmişkən, bu il karyerada yüksəliş və ailə səadəti də sizi müşayiət edəcək. Yayda gözlənilən müvəqqəti pulsuzluğa indidən hazır olun.

 

XORUZ (…1918, 1950, 1982…)

Ötən ilin uğurlarını bu il də davam etdirmək istəyirsinizsə, bütün gücünüzü səfərbər edin. Üstəlik, nəzərdə tutduğunuz hədəflərə yetişmək üçün ətrafınızda olan bütün güclərdən yararlanın. Çünki Göylər bəzi halları təkbaşına ötürə bilməyəcəyinizi söyləyir. Əgər deyilənləri etsəniz, yayın ortasından qışın ikinci ayına qədər ömrünüzün qızıl dövrünü yaşayacaqsınız. Ölümün Tanrı qanunu olduğunu da unutmayın, axı hamı Ona qayıtmalıdır.

 

İNƏK (…1919, 1951, 1983…)

İlk növbədə ətrafınızı bürüyən saxta adamlardan qurtulmağı bacarsanız, sizə zaval yoxdur. Məqsədinizə zidd sözlərə, reallığı əks etdirməyən təkliflərə qətiyyən razılıq verməyin. Günəş təqvimi İnək ilində doğulan bütün subaylara yetərincə şərait yaradacaq ki, evlənsinlər. Odur ki, tələsməyə dəyər. İş yerini dəyişmək də səmərə verə bilər. Hətta fəaliyyət mövqeyinizdən asılı olaraq vəzifəyə də yüksələ bilərsiniz.

 

PORSUQ (…1920, 1952, 1984…)

Bütün göstəricilər ötən ili ağır keçirdiyinizi bildirir. Amma bunları Tanrı sınağı kimi qəbul edib yaşamağa davam edin. O zaman görəcəksiniz ki, yazın sonlarından taleyiniz tamamilə müsbətə dəyişdi. Ağzıdualı olun, bir ayağınız müqəddəs yerlərdə olsun. Çünki ruhi enerjiniz qaydasında olduğu təqdirdə qalan məsələlər uğurlu olacaq. Sağsağan sizə maliyyə müvəffəqiyyəti də vəd edir. Yay aylarında tarixi günlər yaşayacaqsiniz.

 

DƏVƏ (…1921, 1953, 1985…)

Ötən il nə qədər sakit keçsə də, Sağsağan ilindən bunu gözləməyin. Əksinə bütün gücünüzlə fəallaşmalı, dağı dağ üstə qoymağa özünüzdə güc tapmalısınız. Bu il sizi həm məşhurluq, həm maddi uğur gözləyir. Sevgi müstəvisində də irəliləyişlər mümkündür. Əgər ürəyinizdə kimsə varsa, bunu payızdan o tərəfə saxlamayın. Göylər ilboyu qida rejiminizə, daxili orqanlarınıza nəzarət etməyi məsləhət bilir. Yaşlı olanlırınızı qoruyun.

 

KİRPİ (…1922, 1954, 1986…)

Qarşınızda çox uğurlu bir il durur. Heç bir mənfi şey haqqında düşünməyin. Əmin olun ki, indiki ovqatınızla gələn ilin eyni vaxtının yerlə göy qədər fərqi olacaq. Görəcəksiniz ki, ürəkdən və saf niyyətlə istənilən hər şeyi Tanrı insana bəxş edir. Əgər ziyalısınızsa, sizin üçün daha əhəmiyyətli hadisələr olacaq. Məqamında sükut etməyi bacarmalı, lazım gələndə isə haqq sözünü deməyə cəsarət tapmalısınız.

 

CÜYÜR (…1923, 1955, 1987…)

Sizə ruhdan düşmək qətiyyən olmaz. Çünki Sağsağan ili başlayan gündən (21 mart, 2011) bütün hadisələr xeyrinizə işləyəcək. Əgər potensialınızı lazımsız istiqamətlərə sərf etməsəniz, azı beş ay uğur uğur dalısınca gələcək. Əks cinslərlə münasibətdə ehtiyatlı olmağı da unutmayın – aldadıla bilərsiniz. Əgər sizə cansıxıcı təsir bağışlayırsa, qarşıda duran ildə iş yerini mütləq dəyişməlisiniz. Daxili orqanlarınızı qoruyun.

 

FİL (…1924, 1956, 1988…)

İl başlayan kimi sizi ittiham edənlər çoxalacaq. Amma bu, əksər məsələlərdən nəticə çıxarmaq üçün sizə stimul verəcək. Köhnə məsələləri bir kənara qoyub yeni mühitdə, tamamilə fərqli işlərə başlamalısınız. Bu yönümdə etibarını itirmiş insanlarla əlaqələri kəsmək də olar. Təxminən yazın son ayında və payızın ikinci ayından sonra çoxşaxəli ucalıq yolunuzu gözləyir. Bu il Sağsağan sizə əməlli-başlı maliyyə dəstəyi verəcək.

 

AT (…1925, 1957, 1989…)

Bəri başdan nəzərinizə çatdıraq ki, Sağsağan ili sizin saflaşma, ayılma dövrünüzə çevriləcək. Oturub götür-qoy etməyə, çox şeyə yenidən başlamağa kifayət qədər vaxtınız olacaq. Heç kimə yalan danışmasanız, əmin olmaya-olmaya vəd verməsəniz, bütün situasiyalardan uğurla çıxacaqsınız. Taleyinizi dəyişmək, nüfuzunuzu artırmaq və ailə rahatlığı qazanmaq üçün çox səmərəli ildir. Əgər evlənmək planınız varsa, bunu gələn ilə saxlamayın.

 

BƏBİR (…1926, 1958, 1990…)

Girişdə dediyimiz kimi Sağsağan ili sizə də düşərli olacaq. Nəhayət ki, illərin əziyyətini geridə qoyub fərqli bir həyata başlayacaqsınız. Elm və təhsildə uğurlar, ətrafınızda olanlar arasında böyük nüfuz qazanmaq üçün əhəmiyyətli dövrdür. Siyasətdə də irəli gedə bilərsiniz. Amma sonuncu Bəbir ilində doğulanlar (21 mart 1990 – 20 mart 1991) ailə qurmağa tələsməməlidirlər (elçilik və ya nişan istisnadır).

 

TOVUZ (…1927, 1959, 1991…)

Az qala hamını ittiham edirsiniz ki, heç kim sizi başa düşmür. Bəlkə özünüz başa sala bilmirsiniz? Bunlar fərqli şeylərdir. Deməli, yeni ildə hər bir məsələdə ilk öncə özünüzü məsuliyyətli bilməlisiniz. Bunu bacarsanız, Ulu Göylər sizi bütün yollardan asanlıqla keçirəcək. İstər münasibətlər zəminində, istərsə də maliyyə sahəsində təbəssüm çöhrənizdən əskik olmayacaq. Fəaliyyətlə bağlı yalnız ilin ikinci yarısı uğurlu olacaq.

 

QU (…1928, 1960, 1992…)

Sizin qoroskopu hazırlayanda qəribə mənzərə ilə rastlaşdıq. Gördük ki, ötən illə bu ilin proqnozları eynidir. Deməli, əksər hadisələri təkrar yaşayacaqsınız. Bu yerdə bizim yeganə istəyimiz budur ki, bu təkrarçılıq yalnız uğurlu hadisələrdə olsun (Amin!). Bu il sağlıq durumunuz xeyli yaxşılaşacaq, sizi anlayanlar da artacaq. Göylər təşəbbüskar olmağınızı da istəyir. Böyüklərin məsləhətləri mütləq karınıza gələcək.

 

VAŞAQ (…1929, 1961, 1993…)

Düşünməyin ki, həzin bir musiqiyə qulaq asmaq, təbiət qoynunda mənzərəyə tamaşa etmək daxili təlatümlərinizi yatırdacaq. Əsla! Bunun üçün fəal hərəkətə keçmək lazımdır. İndiki anormal zamanda kimdənsə nəyisə gözləmək sadəlövhlük olardı. Alma lazımınızdırsa, zəhmət çəkib ağaca dırmaşmalı, ya da qazanıb bazardan almaq gərəkdir. Onu heç kim sizə verməyəcək. Bu düşüncəni kənar buraxmayın.

 

ULAQ (…1930, 1962, 1994…)

Qarşınızda əhəmiyyətli bir dövr durur. İlahi səhvləriniz görün, sizi haralara gətirib? Nəyi, necə və harada yanlış etdiyinizi tapıb aradan qaldırmalısınız. Yalnız bu halda ilıq yaz ayının ortalarında yolunuzda yaşıl işıq görəcəksiniz. Avesta qoroskopuna görə, bunu bacaracaqsınız. Axı siz hər zaman güclü və nüfuzlu olmusunuz. Bu il dostluq dairənizi genişləndirməyiniz də vacibdir. Maliyyə sahəsində isə xüsusi dönüş olacaq.

 

AĞ AYI (…1931, 1963, 1995…)

Şükür ki, ötən illə müqayisədə Sağsağan sağlamlığınızı qoruyacaq. Bu da ruhi dirçəlişinizə səbəb olacaq. Belə olan təqdirdə isəhər şey asanlaşır. Düzdür, ilin ilk iki ayında (21 mart-22 may) müəyyən çətinlikləriniz olacaq, buna baxmayaraq öhdəsindən gələcəksiniz. Sonrakı dövrü bütünlüklə müvəffəqiyyətlə başa vuracaqsınız. Bu il üzərinizə düşən ilahi vəzifə doğma və yaxınlarınızla münasibətləri tənzimləməkdir.

 

QARTAL (…1932, 1964, 1996…)

İlahi sözü yerə salmayın, dualarınızı, xeyirxah fikrlərinizi dilə gətirməkdən çəkinməyin. Unutmayın ki, daxili gücünüzü göstərsəniz, Sağsağan hər addımda yardımçınız olacaq. Qəbahətli adamlardan üz döndərin, bütün enerjinizi yarımçıq işlərin həllinə və fəaliyyət yüksəlişinə həsr edin. Mənzil və ailənizlə bağlı müdhiş yeniliklər də yolunuzu gözləyir. Bu gözəl ildə ilk öncə özünüdərki öyrənməlisiniz.

 

TÜLKÜ (…1933, 1965, 1997…)

Sabaha ümidlə baxmaq yaxşı haldır, amma gərək o ümidə doğru əzmlə addımlayasan. Siz də elə Novruzdan dərhal sonra gərək hərəkətə keçəsiniz. Həm qarşılıqlı münasibətlər zəminində, həm də fəaliyyət müstəvisində elə bir uğurunuz olacaq ki, bunu ancaq arzulamaq olar. Yeri gəlmişkən, ötən 6 illə müqayisədə bu il şəxsi büdcəniz daha yaxşı olacaq. Yay səfərləri də sizdə olduqca xoş təəssüratlar yaradacaq.

 

DELFİN (…1934, 1966, 1998…)

Payızın ilk iki ayını nəzərə almasaq, ilboyu xoş ovqatda yaşayacaqsınız. Ürəyinizdə yara salmış çətinlikləriniz sürətlə aradan qalxacaq. Elə hadisələrlə rastlaşacaqsınız ki, hətta üstündən on il keçsə də, bu dövrü xoş təəssüratla xatırlayacaqsınız. Vəzifə pilləsində yüksəliş və ictimai nüfuz qazanmaq baxımından da Sağsağana minnətdarolacaqsınız. Xarici səfərlər də gözlənilir. Amma səhhətininzi mütləq qorumalısınız.

 

VƏHŞİ QABAN (…1935, 1967, 1999…)

Aydın görünür ki, ötməkdə olan Tısbağa ilindən o qədər razı qalmamısınız. Görünür, bu sınaqdan keçməli imişsiniz. Sağsağan ilində isə olduğunuz bütün mənzərələr ürəyinizi riqqətə gətirəcək. Ədalətli müstəvidə hərəkət etsəniz, heç bir yamanlıq görməyəcəksiniz. Pul və iş barədə ciddi problemləriniz də olmayacaq. Amma ailədaxili münasibətlərdə təmkinnizdən yararlanmalısınız. İmkan verməyin ki, kənar şəxslər sevdiklərinizlə aranıza girsin.

 

YAPALAQ (…1936, 1968, 2000…)

Ağır bir dövrü artıq geridə qoymaqdasınız. Amma qazandığınız təcrübə sizə imkan verəcək ki, yeni ilə daha təmiz və böyük güclə başlayasınız. İqtisadi-siyasi və pedaqoji müstəvidə uğurlarınız hamıdan çox ola bilər. Göylər tövsiyə edir ki, heç bir hadisəyə tələsik reaksiya verməyəsiniz. Ümumiyəətlə, nəyəsə münasibət bildirəndə reallığı mütləq nzərə alın. Ailə zəminində firavanlığa yetişməkdə Sağsağana güvənə bilərsiniz.

 

ŞAHİN (…1937, 1969, 2001…)

Avesta qoroskopuna görə Sağsağanın Şahinə böyük hörməti var və onun bütün sahələrdə müsbət fərd olmasına çalışır. Siz də bu tarixi fürsətdən istifadə edib bütün gücünüzü səfərbər etməlisiniz. Siyasi qovğalardan, ara söhbətlərindən, qanunsuz ticarətdən uzaq olsanız, bütün sahələrdə uğurlar sizi müşayiət edəcək. Bu il sizi unudulmaz səyahətlər, yeni dostluqlar da gözləyir. Bəzi həlledici məsələlərdə dostlara güvənə bilərsiniz.

 

BİZİM BİLDİYİMİZ BU QƏDƏR. ƏN DÜZÜNÜ TANRI BİLİR!